Fransa XİN: ABŞ-ın Venesuelaya müdaxiləsi qlobal təhlükəsizliyə zərbədir

Fransa Xarici İşlər Naziri Jan-Noel Barrot ABŞ-ın Venesuelaya müdaxiləsinin və ölkə prezidentinin ələ keçirilməsinin beynəlxalq qanunlara zidd olduğunu bildirib.
Rock.News xəbər verir ki, bu barədə nazir özünün “Telegram” kanalında yazıb. Barrot, Nikolas Maduronun ələ keçirilməsinə səbəb olan hərbi əməliyyatın güc tətbiq etməmək prinsipinə zidd olduğunu vurğulayıb. O, Fransanın Venesuela xalqının suverenliyinə hörmətlə yanaşdığını, heç bir siyasi həll yolunun kənardan tətbiq edilə bilməyəcəyini qeyd edib.
Barrot, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ-ın xüsusi məsuliyyətini vurğulayaraq, bu qurumun daimi üzvləri tərəfindən güc tətbiq etməmək prinsipinin pozulmasının qlobal təhlükəsizlik üçün ağır nəticələrə səbəb olacağını bildirib. O, həmçinin Parisin BMT Nizamnaməsinə sadiq olduğunu və bütün dövlətləri ona əməl etməyə çağırdığını əlavə edib.



